BAKI, 26 may. TELEQRAF
“Büdcə siyasətinin əsas istiqamətlərindən biri qeyri-neft gəlirlərinin artırılmasıdır. 2026-cı il və növbəti üç il üçün hazırlanan büdcə çərçivəsində əsas məqsəd dövlət büdcəsində qeyri-neft gəlirlərinin ildən-ilə artırılması, neft gəlirlərinin isə azalmasıdır”.
Teleqraf xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev AZTV-yə müsahibəsində bildirib.
Sahil Babayev qeyd edib ki büdcə xərclərinin artan tələbatının məhz qeyri-neft gəlirləri hesabına qarşılanması hədəflənir:
“Bu yanaşma iqtisadi dayanıqlığın təmin olunması, gələcək inkişaf və neft fondunun resurslarının qorunması baxımından vacib hesab edilir.
İlin ilk dörd ayının nəticələri də müsbət qiymətləndirilir. Cari ildə qeyri-neft gəlirləri proqnozdan təxminən 77 milyon manat çox icra olunub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 5 faiz və ya 372 milyon manat artıb. Dövlət büdcəsi gəlirlərində qeyri-neft sektorunun payı da yüksəlib. Belə ki, ötən ilin ilk dörd ayında bu göstərici 53 faiz olduğu halda, bu ilin ilk dörd ayında 57,4 faizə çatıb. Bildirilir ki, tendensiya davam edərsə, büdcə gəlirlərində qeyri-neft sektorunun payı daha da artacaq”,- nazir vurğulayıb.