BAKI, 25 may. TELEQRAF

Cari ilin aprel ayının sonunda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 108 min ədəd artaraq 22 milyon 518 min ədəd təşkil edib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9% artıb.

Ödəniş kartlarında debet kartlarının sayı 11% artmış, kredit kartlarının sayı isə 11% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb. 2026-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,094 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,969 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,123 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil edib.