BAKI, 1 may. TELEQRAF

Bir sıra kommersiya banklarının inteqrasiya olunduğu “Açıq bankçılıq” ekosisteminə ilk dəfə olaraq iki elektron pul təşkilatı — “Mpay” və “Qoldenpey” (Pulz) də qoşulub.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, sözügedən ekosistem Mərkəzi Bank tərəfindən rəqəmsal maliyyə xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.

“Mpay” və “Qoldenpey”in (Pulz) inteqrasiyası ölkədə maliyyə texnologiyalarının inkişafına, innovativ ödəniş həllərinin genişlənməsinə və istifadəçilər üçün daha əlçatan rəqəmsal xidmətlərin formalaşmasına töhfə verir.

“Açıq bankçılıq” mexanizmlərinin tətbiqi istifadəçilərə müxtəlif maliyyə hesablarını vahid platforma üzərindən idarə etmək, eləcə də maliyyə məlumatlarına daha rahat və təhlükəsiz şəkildə çıxış əldə etmək imkanı verir. Hazırda “Açıq bankçılıq” ekosisteminin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Növbəti mərhələlərdə digər iştirakçıların da ekosistemə qoşulması nəzərdə tutulur," - deyə qurumdan bildirilib.