BAKI, 1 may. TELEQRAF
Son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, nəticədə valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, apreldə Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 29,7 milyon ABŞ dolları artıb.
ÜApreldə alınan 1 milyard ABŞ dollarının tam və ya bir hissəsi il ərzində bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən valyuta bazarına yönəldilə bilər.
"Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarla iştirakını davam etdirdiyi təqdirdə bu barədə məlumat açıqlanacaqdır", - deyə qurumdan qeyd edilib.
Məlumata görə, profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında artım davam edib. Valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.