BAKI, 22 aprel. TELEQRAF
2025-ci ilin sonuna audit olunmuş maliyyə hesabatlarına əsasən, Kapital Bank 11 milyard 573 milyon 501 min manat dəyərindəki cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biri olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında deyib.
O qeyd edib ki, inkişaf dinamikasını kapitalda da görmək mümkündür:
“2025-ci il sonu etibarilə cəmi kapitalımızın həcmi ötən illə müqayisədə artaraq 1 milyard 332 milyon 504 min manata çatıb. Aktivlərimizin strukturuna daha detallı nəzər salsaq, ən böyük payın ənənəvi olaraq kredit portfelinə məxsus olduğunu görərik. Ötən illə müqayisədə kredit portfelimizdə 2.08% artım qeydə alınıb və ilin sonuna ümumi məbləğ 5 milyard 96 milyon 511 min manat olaraq Bank aktivlərinin 44%-ni təşkil edib. Bu böyümənin arxasında duran əsas səbəblər həm müştəri bazamızın, xüsusən pərakəndə və mikro seqmentdə davamlı artımı, həm də ölkə iqtisadiyyatındakı ümumi inkişaf meylləridir”.