BAKI, 15 aprel. TELEQRAF

Növbəti illərdə Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə transfertin mərhələli şəkildə azaldılması və illik transfertlərin həcmlərinin ən qabaqcıl təcrübə kimi DNF-nin aktivlərinin idarəetmə gəlirləri səviyyəsinə çatdırılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində qeyd edilib.

Bildirilib ki, 2025-ci il ərzində Fondun aktivlərinin ümumi həcmi ilin əvvəlinə nəzərən 22,5 faiz artaraq 73,5 milyard ABŞ dollarına çatıb, aktivlər üzrə gəlirlilik 6,2 faiz təşkil edib. Aktivlərin ÜDM və borc göstəricilərinə nisbətinin əlverişli səviyyələrdə olmasına baxmayaraq, büdcə gəlirlərinin əhəmiyyətli hissəsi (2026-cı ildə 33,2%) Fondun transferti hesabına formalaşır. Bençmark təhlilinə əsasən neftlə zəngin olan və suveren fondlardan büdcəyə davamlı transfert yönəldilən ölkələrdə (məsələn Qazaxıstan 15%, Norveç 25%) eyni göstərici daha aşağı nisbətdədir.