BAKI, 15 aprel. TELEQRAF

Növbəti dörd ildə dövlət xərclərinin hansı istiqamətlər üzrə prioritetləşdiriləcəyi açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində qeyd edilib.

Bildirilib ki, 2027-2030-cu illərdə dövlət xərclərinin aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilməsi nəzərdə tutulur:

1. Dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi. Növbəti dövrdə ölkənin enerji ixracını coğrafiyasının şaxələndirilməsi davam etdiriləcək, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə strateji tranzit qovşağın formalaşması, nəqliyyat-logistika marşrutlarının genişləndirilməsi və yükaşırma qabiliyyətinin artırılması ilə iqtisadi faydalar gətirməklə yanaşı, regional əməkdaşlığı dərinləşdirəcək.

2. Müdafiə və milli təhlükəsizlik tədbirləri. Bölgədə sülh şəraitin bərqərar olunmasına baxmayaraq, geosiyasi vəziyyətin gərgin olması, münaqişələrin coğrafiyasının vəşiddətinin artması müdafiə qabiliyyəti və milli təhlükəsizlik məsələlərini prioritetliyini qoruyur. Bu xüsusda, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi və hərbi potensialın artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, minatəmizləmə sahəsində ixtisaslaşmanın gücləndirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması diqqət mərkəzində saxlanılacaq.

3. Rəqəmsal inkişaf. İnsan kapitalının inkişafı, rəqəmsallaşma və süni intellekt sahəsində kadr hazırlığının gücləndirilməsi, ali təhsil və təlim proqramlarının genişləndirilməsi, eləcə də özəl sektorun rəqəmsal transformasiya prosesinə cəlb olunması mühüm əhəmiyyət daşıyacaq. Rəqəmsal İnkişaf Şurası isə bu istiqamətdə həyata keçiriləcək dövlət siyasətinin əlaqələndirilməsini təmin edəcək. Rəqəmsal inkişaf məqsədlərinə xidmət edən layihələrin, proqramların və Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” üzrə müəyyən edilmiş tədbirlərin icrası büdcə siyasətinin əsas xərc prirotitetləri sırasında olacaq.

4. Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlər. Növbəti illərdə əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatının gücləndirilməsi məqsədilə büdcədə müvafiq maliyyə təminatı yaradılacaq, bu da öz növbəsində sosial rifahın dəstəklənməsində mühüm rol oynayacaq.

5. Təhsilin və innovativ inkişafın dəstəklənməsi. Növbəti illərdə dövlətsifarişi iləali təhsil alanların, təqaüd yerlərinin sayının artırılmasının və tələbə kreditinin maliyyə təminatı, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsilin pillələri üzrə əlçatanlığın təmin edilməsi və keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, müasirləşdirilməsi və qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, erkən və məktəbəqədər, həmçinin peşə-ixtisas təhsilinin əhatə dairəsinin genişləndirilməsi, elmi tədqiqatın inkişafı üzrə tədbirlərin dövlət büdcəsində qarşılanması nəzərdə tutulub.

6. Dövlət səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi. Büdcə vəsaiti hesabına əhalinin icbari tibbi sığortalanması xərcləri ortamüddətli dövrdə əsas istiqamətlərdən biri olaraq qalacaq və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatının daha mütərəqqi modellər əsasında maliyyələşdirilməsinə başlanacaq. Dərman və tibb vasitələri ilə təminata xüsusi önəm veriləcək, həmçinin ilkin səhiyyə xidmətinin prioritet inkişafına nail olunacaq. Növbəti illərdə “Səhiyyə” bölməsinə daxil olan sektorunun OMXÇ, proqram və nəticə əsaslı büdcə mexanizmi islahatlarına cəlb olunması bu istiqamətə ayrılan büdcə vəsaitlərinin səmərəliliyinin və effektivliyinin artırılmasına töhfə verəcək.

7. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirləri. 2026-cı ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 3,5 milyard manat vəsait nəzərdə tutulub. Ortamüddətli dövrdə bölgədə yaşayış və qeyri-yaşayış komplekslərinin, sosial-iqtisadi və mədəni infrastrukturun inşası, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, iqtisadi fəaliyyətin təşviqi ilə bağlı tədbirlər davam etdiriləcə.

2027-2030-cu illəri əhatə edəcək “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” təsdiq edildikdən sonra nəzərdə tutulan tədbirlər və müvafiq maliyyə tutumu dəqiqləşdiriləcək.

8. Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması. Təmiz enerji mənbələrinin genişləndirilməsi istiqamətində regionun aparıcı şirkətləri (BƏƏ-nin "Masdar" şirkəti, Səudiyyə Ərəbistanın "ACWA Power" şirkəti və s.) ilə əməkdaşlıq çərçivəsində külək, günəş və su elektrik stansiyaların inşa edilməsi prosesi davam edəcək. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə edilməsi proqnozlaşdırılır. Qeyd olunan proqram və tədbirlərin icrası ilə bağlı zəruri maliyyə təminatının formalaşdırılması və ayrılması təmin ediləcək.