BAKI, 13 aprel. TELEQRAF
2025-ci il ərzində Azərbaycanın bank sektoru üzrə kredit portfelinin dollarlaşması 1.9 faiz bəndi (f.b.) azalaraq 14.2% (tarixi minimum) olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd edilib.
Depozit portfelinin dollarlaşması 2024-cü ilin sonuna nisbətdə 1.9 f.b. azalaraq 35.6% təşkil edib.
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ildə fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 3.5 f.b. azalaraq 31.4%, tələbli depozitləri üzrə isə 1.4 f.b azalaraq 31.6% olub. hüquqi şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 4.7 f.b. artaraq 57.2% təşkil edib. Xarici valyutada hüquqi şəxslərin tələbli depozitlərinin cəmi depozit portfelində payı isə 2.6 f.b. azalaraq 32.7% olub.
Tənzimləyicinin hesabatında qeyd edilib ki, kredit portfelində artımın əsas drayverinin milli valyutada olan kreditlər olması fonunda portfelin manatizasiya trendi davam edib. 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci il ərzində kredit portfelində dollarlaşmanın azalmasının əsas səbəbi biznes kreditləri olub. Belə ki, hesabat dövrü ərzində biznes kreditlərinin dollarlaşma səviyyəsi 3.4 f.b azalaraq 25%-ə çatıb. Həmçinin, Mərkəzi Bankın normativ xarakterli aktlarına əsasən ipoteka kreditinin yalnız milli valyutada verilməsi tələbi ipoteka kreditləri üzrə portfelin demək olar ki, milli valyutada olmasını şərtləndirib. Buna görə də, hesabat dövründə xarici valyutada ipoteka kreditlərinin payı ipoteka kreditlərinin cəmi 0.7%-ni təşkil edir. Digər tərəfdən, 2025-ci il ərzində istehlak kreditlərinin dollarlaşması isə 0.2 f.b. azalaraq 2.3%-ə enib.