BAKI, 10 mart. TELEQRAF

2026-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 6 311,5 milyon manat təşkil edib ki, bu da proqnozu 58,3 milyon manat və ya 0.9 faiz üstələyib.

Bu barədə Teleqraf-a Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dövlət büdcəsinin gəlirlərində Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 002 milyon manat təşkil edərək proqnozdan 79,5 milyon manat və ya 2.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 0.3 faiz, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat təşkil edərək proqnozdan 0,9 milyon manat və ya 10.2 faiz, sair daxilolmalar 63,4 milyon manat təşkil edərək proqnozdan 15,7 milyon manat və ya 32.9 faiz çox, Dövlət Neft Fondundan transfert isə 2 140 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 113,2 milyon manat təşkil edərək proqnoza qarşı 73.5 faiz icra olunub.

Yanvar-fevral ayları ərzində dövlət büdcəsinin xərcləri 4 803,4 milyon manat proqnoza qarşı 4 643,1 milyon manat məbləğində icra edilib ki, bu da 96.7 faiz təşkil edir.

2026-cı ilin yanvar-fevral ayları ərzində icmal büdcənin gəlirləri 7 558,3 milyon manat, xərcləri isə 5 338,4 milyon manat məbləğində icra edilib.