BAKI, 20 fevral. TELEQRAF
9–10 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı beynəlxalq tədbir təşkil olunacaq.
Azərbaycan Banklar Assosiasiyasından Teleqraf-a verilən məlumata görə, sammit regonal və türkdilli dövlətlərin maliyyə sistemlərinin qlobal maliyyə məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə yüksək səviyyəli platforma kimi nəzərdə tutulub.
Tədbir Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurası (CBATS), Mərkəzi Bankı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bank assosiasiyaları, Qazaxıstan Maliyyəçilər Assosiasiyası, eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçiriləcək.
Sammitin Qlobal Tərəfdaşı VISA şirkətidir. Sammit çərçivəsində 2026-cı il üzrə qlobal bankçılıq və maliyyə sektorunda əsas trendlər müzakirə olunacaq. Tədbirin hədəfləri regional əməkdaşlığın möhkəmləndirilməsi (tənzimləmələrin uyğunlaşdırılması, ödəniş sistemlərinin inteqrasiyası, müxbir bank əlaqələrinin inkişafı), beynəlxalq tərəfdaşlıqların təşviqi və ortaq maliyyə baxışının formalaşdırılmasıdır.
Tədbir çərçivəsində iştirakçılar aşağıdakı mövzular üzrə fikir mübadiləsi aparacaqlar:
Regional inteqrasiya və beynəlxalq əməkdaşlıq
Bankçılıqda rəqəmsal transformasiya
Ödəniş və hesablaşma sistemləri
Açıq bankçılıq və API ekosistemləri
Süni intellektlə idarə olunan maliyyə və avtomatlaşdırma
Kiber təhlükəsizlik və fırıldaqçılığın qarşısının alınması
Komplayens, ÇPY və TM qarşısının alınması (AML/CFT)
Alternativ bankçılıq (islam maliyyəsi daxil olmaqla)
Dayanıqlı və yaşıl maliyyə
İnvestisiya imkanları
İnsan kapitalı, bacarıqlar və maliyyə savadlığı
Sammit bank-maliyyə sektorunun rəhbər şəxslərini, tənzimləyici orqanları, maliyyə sektoru üçün həll və texnologiya təminatçılarını, startapları, beynəlxalq ekspertləri, investorları və beynəlxalq maliyyə institutları bir araya gətirəcək.