Azərbaycanda E-müqavilə sistemi vasitəsilə dövlət satınalmaları üzrə müqavilələrin bağlanması, icrası və monitorinqi tam elektron mühitdə həyata keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev açıqlamasında qeyd edib.
Bildirib ki, "rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır və bu, ayrı-ayrı platformalar deyil, tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılır.
Nazir vurğulayıb ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək.
Qeyd edək ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi çərçivəsində maliyyə sistemlərinin “bir çətir altında” mərkəzləşdirilmiş idarə olunması və inteqrasiyası təmin edilir. E-mühasibat informasiya sistemi isə ilkin qalıqların mərkəzləşdirilmiş formada əldə edilməsinə, avtomatik əmlak uçotunun aparılmasına və mühasibat uçotunda vahid yanaşmanın tətbiqinə imkan yaradacaq.
Elektron Ciddi Hesabat Blankları Sistemi çərçivəsində 44 adda ciddi hesabat blankının tam elektronlaşdırılması hesabına kağız dövriyyəsi azaldılacaq və nəzarət mexanizmləri gücləndiriləcək. E-büdcə portalı isə elektron büdcə bələdçisi funksiyasını yerinə yetirir. Vahid Data və Hesabatlıq Sistemi isə “Data Lakehouse” yanaşması əsasında mərkəzləşdirilmiş məlumat mühitinin formalaşdırılmasına, analitika və qərar qəbul etmənin dəstəklənməsinə xidmət edəcək.