BAKI, 7 yanvar. TELEQRAF

2025-ci ildə vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ilin aprel ayından etibarən milli valyutada olan vahid xəzinə hesabının vəsaitləri hərrac üsulu ilə depozitlərə yerləşdirilməyə başlanılıb. Bu mexanizmin tətbiqində əsas məqsəd dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi və büdcə üçün əlavə gəlirlərin formalaşdırılmasıdır.

Mexanizm çərçivəsində dövlət büdcəsində müvəqqəti olaraq istifadə olunmayan sərbəst vəsaitlər şəffaf və rəqabətli depozit hərracları vasitəsilə bank sektorunda yerləşdirilir. Hərraclarda banklar faiz dərəcələri üzrə təkliflər təqdim edir və ən yüksək faiz dərəcəsi təqdim edən banklarda vəsaitlər depozitlərə yönəldilir. Bu yanaşma bir tərəfdən dövlət büdcəsi üçün əlavə faiz gəlirlərinin əldə edilməsinə, digər tərəfdən isə bank sektorunda likvidliyin artmasına şərait yaradır.