BAKI, 5 yanvar. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərdə hər ay istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi həcmində 2 milyon manat maliyyə yardımı ödəniləcək.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, inşa edilmiş evlərə ailələrin köçürülməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 41,9 milyon manat vəsait proqnozlaşdırılır.

Bu proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə 5 milyon manat vəsait ayrılıb.