BAKI, 15 dekabr. TELEQRAF
Cari ilin yanvar-sentyabr aylarında əmtəə ixracı 5.6% azalaraq 18.2 milyard dollar təşkil edib.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 15.7 milyard dollar olub.
İxrac olunmuş neft-qaz məhsullarının (15.7 milyard dollar) 9.6 milyard dolları xam neftin, 5.6 milyard dolları təbii qazın, 0.5 milyard dolları isə neft emalı məhsullarının payına düşür. Hesabat dövründə qeyri-neft-qaz ixracı üzrə müsbət meyllər müşahidə olunub. Nəticədə müvafiq dövr üzrə qeyri-neft-qaz ixracı 6.1% artaraq 2.5 milyard dollar təşkil edib.
2025-ci ilin 9 ayı üzrə əmtəə idxalı ötən ilin müvafiq dövrünə nisbətən 2.7% artaraq 12.6 milyard dollar təşkil edib. Hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri isə 5.1 milyard dollar olub, bunun da 1.8 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 3.9% artaraq 10.9 milyard dolları olub.