BAKI, 15 dekabr. TELEQRAF
Cari ilin yanvar-sentyabr aylarında birbaşa xarici investisiyalarla bağlı Azərbaycanın xalis kəsiri təxminən 1,2 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.7 mlrd.$, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2.0 mlrd.$ olub.-deyə o bildirib.
Hesabat dövründə birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 922.7 mln.$ artıb, xalis maliyyə öhdəlikləri isə 305.2 mln.$ azalıb. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78.5% təşkil edib.
2025-ci ilin 9 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-1 016.2 mln.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (3 716.6 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (4 732.8 mln.$, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşıb. Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 9.0% artaraq 1 019.4 mln.$ olub ki, bunun da bir hissəsi (304.9 mln.$) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olub.