BAKI, 15 dekabr. TELEQRAF
Azərbaycanın ilkin gəlirlər balansında kəsir yanvar-sentyabr aylarında 1,7 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bunu formalaşdıran əsas amil neft-qaz sektorunda Azərbaycana yatırılmış birbaşa xarici investisiyalar üzrə faiz ödəmələridir.
Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.2 mlrd.dollar kəsir, qeyrineft-qaz sektoru üzrə isə 0.5 mlrd.dollar profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 13.9% azalaraq 1.7 mlrd.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 6 mlrd.$ olub. Bunun 64.2%-ini 3.9 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (2.7 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.4 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (239.4 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (346.6 mln.$) və digər ödənişlər ( 580.3 mln.$) təşkil edib.