BAKI, 22 oktyabr. TELEQRAF

2025-ci ilin 9 ayında Azərbaycanda dövlət büdcəsindən ən çox vəsait müdafiə və milli təhlükəsizlik xərclərinə yönəldilib – 5 milyard 211,9 milyon manat. Ötən ilin müvafiq dövrünə nisbətən bu istiqamətdə 702 milyon manat və ya 15,6% artım olub.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, iqtisadi fəaliyyət sahəsinə 4 milyard 245,5 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə isə 3 milyard 356,5 milyon manat sərf olunub.

Ümumi dövlət xidmətlərinə 3 milyard 170,1 milyon manat, təhsilə 3 milyard 56 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 milyard 991,8 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlərə isə 1 milyard 221,9 milyon manat xərclənib.

Səhiyyə xərcləri 889,9 milyon manat, kənd təsərrüfatı 773,2 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti sahələri üzrə 366,4 milyon manat, ətraf mühitin mühafizəsinə 226 milyon manat, mənzil və kommunal təsərrüfatına 159 milyon manat təşkil edib.

Qeyd edək ki, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri 49,9 milyon manat və ya 15,8%, kənd təsərrüfatı xərcləri 108 milyon manat və ya 16,2%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 49,9 milyon manat və ya 2,6%, sosial müdafiə və sosial təminat xərcləri 273,1 milyon manat və ya 8,9%, təhsil xərcləri 124,1 milyon manat və ya 4,2%, ətraf mühitin mühafizəsi xərcləri isə 10,5 milyon manat və ya 4,9% artıb.