BAKI, 24 iyun. TELEQRAF

"Gündəlik ödənişlərin sürətli, təhlükəsiz və hər kəs üçün əlçatan olması bizim üçün önəmlidir. Məhz bu məqsədlə texnologiyalaşmanı sürətləndiririk. Təmasız ödənişlərin sürətli inkişafı bu sahədə dönüş nöqtəsidir – artıq 60 ölkədə ödənişlərin 90%-dən çoxu, 120 ölkədə isə 50%-dən çoxu təmasız formada həyata keçirilir. Bu, əsas ödəniş infrastrukturunun təhlükəsizliyini təmin etməyə imkan verir".

Teleqraf xəbər verir ki, bu barədə Visa şirkətinin CISSEE regionu üzrə baş vitse-prezidenti və qrup ölkə meneceri Kristina Doros deyib.

O bildirib ki, artıq alışılıan istehlakçı ödənişlərinin genişləndirilməsi davam etdirilir:

“Eyni zamanda, kommersiya yönümlü pul dövriyyəsinə də diqqət ayırırıq. Artıq təkcə istehlakçıdan biznesə ödənişlər deyil, biznesdən biznese, kiçik biznesdən böyük biznesə, dövlətdən vətəndaşa və əks istiqamətdə olan ödənişlər də sürətlə artır. Bütün bu ödəniş axınları texnoloji və rəqəmsal yenilik tələb edir və biz bu sahədə də həllər təqdim edirik.

Üçüncü istiqamət isə əlavə dəyər xidmətləridir. Əsas infrastruktur qurulduqdan sonra tərəfdaşlara əlavə imkanlar təqdim etmək, onlara yeni gəlir mənbələri açmaq vacib olur. Biz bu üç sahə üzrə yalnız qlobal deyil, eyni zamanda Azərbaycan bazarında da fəal irəliləyirik”.

Kristina Doros əlavə edib ki, Visa Azərbaycanda artıq 28 ildir fəaliyyət göstərir:

“Bu müddət ərzində sizinlə – tərəfdaşlarımızla birlikdə ölkədə nağdsız iqtisadiyyatın təməlini qoyan bir sıra innovativ həlləri həyata keçirmişik. Bir nümunə gətirmək istəyirəm – məsələn, “Tap to Phone” xidməti artıq ölkədə 9 bank tərəfindən istifadəyə verilib və bu texnologiya əvvəllər mümkün olmayan sahələrdə ödənişləri mümkün və daha rahat edir”.