BAKI, 24 iyun. TELEQRAF

"Qazaxıstan sürətli və iddialı rəqəmsal transformasiya dövrünü yaşayır. Rəqəmsallaşma üzrə milli proqram artıq bir çox sektoru dəyişib və maliyyə sektoru bu prosesin önündə gedir. Ən mühüm inkişaflardan biri isə Qazaxıstanın Mərkəzi Bankının rəqəmsal valyutası “Digital Tenge”nin rəsmi istifadəyə verilməsi olub".

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Maliyyəçilər Assosiasiyasının İdarə Heyətinin Sədri Yelena Baxmutova “Fintex Ummit” - Maliyyə və texnologiyalar sərgisinsə çıxışı zamanı deyib.

O qeyd edib ki, Qazaxıstanın ödəniş ekosistemində səmərəliliyi, təhlükəsizliyi və əhatəliliyi artırmaq istiqamətində mühüm addımlar atılıb. Bundan əlavə, Qazaxıstanda maliyyə sektoru rəqəmsal dövlət infrastrukturu ilə güclü inteqrasiya imkanlarından faydalanır. Maliyyə institutları geniş dövlət bazalarına çıxış əldə edib ki, bu da inzibati maneələri xeyli azaldır və xidmətlərin göstərilməsini sürətləndirir”.

Yelena Baxmutovanın sözlərinə görə, dövlət və Fintex ekosistemi arasında olan sinerji yeniliyi təşviq edir, eyni zamanda sabitliyi və inamı qoruyur:

“Beynəlxalq maliyyə cinayətləri ilə mübarizə sahəsində Qazaxıstan Milli Bankı və banklarımız çərçivəsində Anti-Fraud (Fırıldaqçılığa qarşı) Mərkəzi yaradılıb. Eyni zamanda, Assosiasiyamız nəzdində xüsusi anti-fırıldaq komitəsi fəaliyyət göstərir ki, bu komitə maliyyə sektoru nümayəndələrinə ideyalarını bölüşmək və aidiyyəti dövlət qurumlarına təkliflər hazırlamaq imkanı verir.

Biz burada növbəti rəqəmsal maliyyə dalğasını araşdırmaq üçün toplaşmışıq. Gəlin unutmayaq ki, innovasiyanın məqsədi yenilik deyil, təsirdir. İstər rəqəmsal maliyyə platformaları, istərsə də transsərhəd ödəniş sistemləri və ya mərkəzsiz texnologiyalar vasitəsilə olsun, diqqətimiz real ehtiyaclara real həllər təqdim etmək üzərində qalmalıdır. Bu konfrans bir-birimizdən öyrənmək üçün unikal platforma təklif edir. Bu, həm işləyən, həm də işləməyən nümunələri paylaşmaq, tənzimləmə, kibertəhlükəsizlik, miqyaslandırma və inklüzivlik çağırışlarında birgə naviqasiya etmək imkanıdır".