BAKI, 24 iyun. TELEQRAF

"2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin müvafiq dövrü müqayisə edildikdə, Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayında 40%-dən çox artım müşahidə edilib".

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov “Fintex Summit” Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı deyib.

O bildirib ki, 2024-cü il ərzində ölkədə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard manatdan artıq olub. Bu isə 2023-cü il ilə müqayisədə 27%-lik artım deməkdir:

"2025-ci ilin aprel ayına ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxılaşıb. İlin ilk dörd ayında ölkədaxili ödəniş kartları ilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 67%-dən, sayı isə 91%-dən çox olub. Bu isə, ödəniş kartları ilə edilən hər on əməliyyatdan doqquzunun nağdsız şəkildə həyata keçirilməsi deməkdir".

Vüsal Xəlilov bildirib ki, hazırda Mərkəzi Bank 2024-2026-cı illəri əhatə edən “Maliyyə Sektorunun İnkişafı Strategiyası”na uyğun olaraq risk əsaslı nəzarət mexanizmlərinin təkmilləşdirilməsini həyata keçirir:

"Təkmilləşdirmə çərçivəsində süni intellekt əsaslı modellərin geniş istifadəsi nəzərdə tutulur. Bu mövzuda paylaşmaq istədiyim əsas fikir ondan ibarətdir ki, nəzarət funksiyalarının fəaliyyəti qanunun aliliyini təmin edərək rəqabətli bazar mühitinin formalaşdırılmasına və sektorun potensial risklərdən qorunmasına xidmət edir".