BAKI, 5 iyun. TELEQRAF
2024-cü ildə Mərkəzi Banka dövriyyədən 5,73 milyard manat pul nişanı mədaxil edilib, 5,86 milyard manat pul nişanı isə məxaric olunub. Tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 0.76% (131 milyon manat) artaraq ilin sonuna 17.44 milyard manat təşkil edib. Hazırda milli valyuta üzrə ehtiyatlar 8.9 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonunadək tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Bildirilib ki, tənzimləyici tərəfindən 2024-cü il ərzində yenilənən 1 və 3 qəpiklik metal pul nişanları tədavülə buraxılıb. 1 və 3 qəpiklik metal pul nişanları daha öncə yenilənən 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına uyğun olaraq arxa tərəfinin dizaynına Dövlət Gerbi, eləcə də istehsal ili əlavə edilməklə yenilənib. Yenilənən 1 və 3 qəpiklik metal pul nişanları tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq.
Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili və hüquq mühafizə orqanları ilə koordinasiya diqqət mərkəzində saxlanılıb. Hesabat ilində milli valyutada 379 ədəd (32611 manat) saxta pul nişanı, xarici valyutada isə 503 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib.
Əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən Bakı şəhərində və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib. Hesabat ili ərzində əhalidən 6.7 milyon manat (155.2 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib.