TBİLİSİ, 13 may. TELEQRAF

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycana səfər edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Nazir Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro” sərgisinə qatılıb. Gürcüstan builki sərgidə milli pavilyonla təmsil olunub. Ziyarətçilərə Gürcüstan istehsalçılarının şərab və konserv məhsulları, konditer məmulatları, quru meyvələr və orqanik şirələri təqdim edilib.

D.Sonqulaşvili bildirib ki, Gürcüstanın sərgidəki iştirakı regional əməkdaşlığa verilən önəmin göstəricisidir. O qeyd edib ki, tədbirə qatılmaqda məqsəd Gürcüstanın keyfiyyətli məhsullarının yeni bazarlara çıxışına kömək etməkdir.

“Belə platformalar bizə Gürcüstanın potensialını geniş beynəlxalq auditoriyaya tanıtmaq və ixrac imkanlarını artırmağa imkanı verir ki, bu da son nəticədə ölkəmizin iqtisadiyyatının gücləndirilməsinə töhfə verir”, - nazir söyləyib.