BAKI, 1 sentyabr. TELEQRAF
1 sentyabr 2026-cı il tarixindən etibarən kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ovuna tətbiq olunan moratorium başa çatır və balıq ovu mövsümü açıq elan olunur.
Teleqraf xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev yeni qəbul olunmuş “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” Qanunları ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Bu gündən Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, eləcə də Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında müəyyən edilmiş qaydalara uyğun olaraq balıq ovu həyata keçirilə bilər:
“Balıqçılıq və Akvakultura Mərkəzi balıq ovu ilə məşğul olan hər kəsi müəyyən edilmiş qaydalara riayət etməyə, su bioresurslarının qorunmasına həssas yanaşmağa və məsuliyyətli balıqçılıq prinsiplərinə əməl etməyə çağırır.
Mövsüm ərzində su hövzələrində balıq ehtiyatlarının qorunması və balıq ovu qaydalarına əməl olunması istiqamətində müvafiq qurumlarla birgə nəzarət tədbirləri davam etdiriləcək”.