BAKI, 1 sentyabr. TELEQRAF

Azərbaycanda balıqçılıq sahəsində də kənd təsərrüfatının digər sahələrində olduğu kimi dövlət dəstəyi tətbiq ediləcək.

Teleqraf xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni qəbul olunmuş “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” Qanunları ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, zaman keçir və qanunvericilik də həyata uyğun olaraq dəyişməlidir: “Həm balıqçılıq, həm toxumçuluq sahəsində, həm dünyada, həm də ölkəmizdə baş verən yeniliklərin qanunvericilikdə əks etdirilməsinə ehtiyac yaranır.

Qanunların yenilənməsində əsas məqsədlərdən biri onların beynəlxalq standartlara və yeni dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Ölkədə və dünyada elektronlaşmanın genişlənməsi dövlət fəaliyyətinin müxtəlif sahələrinə də təsir göstərir. Bu baxımdan toxumçuluq və balıqçılıq sahələrində rəqəmsallaşmanın tətbiqi yeni qanunların gətirdiyi əsas yeniliklərdən biridir”.

Onun sözlərinə görə, dəyişikliklər bu sahələrdə fəaliyyət göstərən subyektlərin qeydiyyatından tutmuş dövlət nəzarətinin məsafədən həyata keçirilməsinə, həmçinin subyektlərin dövlət xidmətlərinə əlçatanlığının rəqəmsal vasitələrlə artırılmasına və asanlaşdırılmasına qədər bir sıra məsələləri əhatə edir.

İlhamə Qədimova bildirib ki, son dövrdə həyata keçirilən dəyişikliklərə uyğun olaraq balıqçılıq sahəsi artıq kənd təsərrüfatı sahəsinə daxil edilib və bundan sonra kənd təsərrüfatı fəaliyyəti çərçivəsində inkişaf etdiriləcək: “Kənd Təsərrüfatı Nazirliyinin qarşısında ölkədə balıqçılığın inkişaf etdirilməsi və bu sahənin ixrac potensialının artırılması ilə bağlı böyük hədəflər dayanır. Bu səbəbdən balıqçılıq sahəsində tətbiq edilən normativ-hüquqi aktların da müəyyən edilmiş hədəflərə uyğun yenilənməsi nəzərdə tutulur.

Balıqçılıq təsərrüfatlarının qeydiyyatının sadələşdirilməsi, rəqəmsal vasitələrlə uçotun formalaşdırılması, eyni zamanda, ölçmə alətlərinin müasirləşdirilməsi nəzərdə tutulur.

Bu dəyişikliklər balıqçılıq sahəsində uçotun dəqiqləşdirilməsinə, keyfiyyətin və istehsalın artırılmasına, təsərrüfatların müasirləşdirilməsinə və balıq istehsalının artırılmasına xidmət edəcək”.