BAKI, 3 iyul. TELEQRAF

Yaxın Şərqdəki münaqişənin yaratdığı böhran hələlik ərzaq məhsullarının bazar qiymətlərinə təsir göstərməyib.

Teleqraf xəbər verir ki, bunu TASS-a müsahibəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iqtisadçısı Monika Totova bildirib.

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı bazarda tarazlığı qorumağa imkan verən kifayət qədər resurs ehtiyatına malikdir. Buna görə də böhran ərzaq qiymətlərinə təsir göstərməyib. Bununla belə, mövcud böhranın təsirləri daha uzunmüddətli perspektivdə hiss olunacaq.

"Enerji bazarındakı şoklar avtomatik olaraq ərzaq qiymətlərinin kəskin artmasına səbəb olmur. Yanacaq və gübrə qiymətlərinin bahalaşması, şübhəsiz ki, istehsal və nəqliyyat xərclərini artırır. Lakin əlverişli hava şəraiti, yüksək məhsuldarlıq, valyuta məzənnələrindəki dəyişikliklər, mövcud ehtiyatlar, dövlət siyasəti və ixracatçılar arasında rəqabət kimi amillər bu təsiri çox vaxt yumşaldır. Nəticədə enerji daşıyıcılarının qiymətlərinin artması ilə kənd təsərrüfatı məhsullarının qiymətləri arasında əlaqə nə ani, nə də birbaşa xarakter daşıyır", – deyə Totova bildirib.

Qeyd edək ki, iyun ayında FAO-nun Ərzaq Qiymətləri İndeksi may ayı ilə müqayisədə 0,3% azalaraq 130,3 bənd təşkil edib. Bununla yanaşı, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% yüksək olub.