BAKI, 10 iyul. TELEQRAF
Bu ilin birinci rübündə “Tedaruk.az” elektron portalı vasitəsilə dövlət sifarişi əsasında ümumi dəyəri 66 milyon 932 min 307,86 manat olan ərzaq məhsulları satın alınıb.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, bu müddət ərzində 112 satınalan təşkilat elektron platforma vasitəsilə 83 istehsalçı və satıcıdan 228 növdə ərzaq məhsulunun tədarükünü 8845 sifariş üzərindən həyata keçirib. Sifarişlər ölkənin 73 regionunu əhatə edib.
Xatırladaq ki, "Tedaruk.az" elektron portalı dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması prosesinin vahid platforma üzərindən həyata keçirilməsini təmin etməklə satınalma prosesinin operativliyinin, şəffaflığının və səmərəliliyinin artırılmasına xidmət edir. Eyni zamanda, portal yerli istehsalçı və satıcıların dövlət satınalmalarında iştirak imkanlarını genişləndirərək onların bazara çıxışına əlavə dəstək verir.