BAKI, 1 sentyabr. TELEQRAF
Toxum ölkə üçün strateji məhsuldur. Hazırda yerli toxum təminatı cəmi 54% təşkil edir ki, bu da aşağı göstəricidir.
Teleqraf xəbər verir ki, bu barədə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov yeni qəbul olunmuş “Toxumçuluq haqqında” və “Balıqçılıq haqqında” Qanunları ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramına əsasən, 2030-cu ilə qədər taxıl (buğda və arpa) üzrə toxum təminatının 100%-ə çatdırılması hədəflənib.
T. Zeynalovun sözlərinə görə, orijinal toxumdan başlayaraq fermerə çatanadək bütün mərhələlərdə (sahə, qrunt və laboratoriya nəzarəti vasitəsilə) toxumlardan nümunələrin götürülməsi rəqəmsallaşmanın əsas mahiyyətini təşkil edir:
“Nazirlər Kabinetinə 5 ay, Kənd Təsərrüfatı Nazirliyinə isə 3 ay müddətində müvafiq qaydaların hazırlanması barədə tapşırıq verilib. Bu qaydalara əsasən, keyfiyyətli toxum istehsalı, sahə və qrunt nəzarəti, eləcə də laboratoriya analizləri beynəlxalq təcrübəyə uyğun aparılacaq. Yekunda istehsal olunan keyfiyyətli toxum fermerlərə çatdırılacaq və nəticədə ərzaq təhlükəsizliyi təmin ediləcək.
Toxumçuluq haqqında qanunvericiliyin təkmilləşdirilməsində ana məqsəd ölkədə məhsuldar toxumların əldə olunması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və toxum idxalından asılılığın azaldılmasıdır”.