BAKI, 2 sentyabr. TELEQRAF

Bu gündən Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndləri üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün növbəti müraciətlərin qəbuluna başlanılıb.

Teleqraf Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərin qəbulu Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) - eagro.az saytı vasitəsi ilə həyata keçirilir.

Sözügedən kəndlərdə məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi 2026-cı ilin oktyabr ayının 1-i, günün sonunadək davam edəcək.

Nazirliyin məlumatına görə, torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün uyğun kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dənli bitkilərdən buğda, arpa, qarğıdalı (dən və silos), vələmir, çovdar, tritikale, qarabaşaq, meyvə və giləmeyvələrdən şaftalı, nektarin, ərik, nar, şabalıd, alma, xurma, armud, gilas, qoz, zeytun, badam, püstə, fındıq, üzüm (süfrə və texniki), mavigilə, çiyələk, qarağat, aroniya, moruq, texniki bitkilərdən günəbaxan, şəkərçuğunduru, pambıq, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarından (vika, yulaf, arpa, çovdar), tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, sarımsaq, tərəvəz lobyası, mətbəx çuğunduru, kök və kələm, paxlalı bitkilərdən isə noxud, mərcimək və soyanın əkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin oktyabrından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.