BAKI, 1 sentyabr. TELEQRAF
Yeni qanunla balıqovlama yerlərinin bəyan edilməsi və balıq ovuna nəzarət prosesi elektronlaşdırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev mətbuat konfransında deyib.
O qeyd edib ki, qanunda balıqovlama yerlərinin müəyyənləşdirilməsi və onların kvota çərçivəsində olub-olmamasına nəzarətlə bağlı məsələlər əhatəli şəkildə əksini tapıb.
“Qanunda qanunsuz ovlanmış balıqların ticarət obyektlərinə çıxarılmasının qadağan edilməsi ilə bağlı tələblər də müəyyən olunub. Burada bəyannamə xarakterli sahənin elektronlaşdırılması tam təmin edilib”, - deyə C. Əliyev vurğulayıb.
Onun sözlərinə görə, kvotalar verildikdən sonra balıq ovlama qaydaları müəyyən ediləcək: “Qanun qüvvəyə mindikdən və kvotalar verildikdən sonra balıqçıların əldə etdikləri məhsulu bəyan etməsi, eyni zamanda tutulan balıqların həcmi barədə məlumatların elektron platformaya daxil edilməsi nəzərdə tutulur”.
C. Əliyev bildirib ki, qanunun tələbinə uyğun olaraq bu məlumatların müvafiq dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiyası planlaşdırılır.
“Burada həm kvotalar, həm də digər məsələlərlə bağlı avadanlıqlar, elektron məlumatlar – balığın növü, partiyası, ölçüləri və digər məlumatlar ticarət obyektlərinə buraxılarkən Kənd Təsərrüfatı Nazirliyinin və digər qurumların elektron sistemlərinə inteqrasiya olunacaq”, - deyə Mərkəz direktoru əlavə edib.