Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyəti iki beynəlxalq tədbirdə iştirak edib.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyəti 3-cü Avropa Standartlaşdırma Sammiti, Avropa Standartlaşdırma Komitəsinin (CEN) 41-ci Baş Assambleyası və Avropa Elektrotexnika Komitəsinin (CENELEC) 54-cü Baş Assambleyasına qatılıb.
Türkiyənin İstanbul şəhərində “Standartlaşdırma gümüş iqtisadiyyatı necə dəstəkləyə bilər” mövzusunda təşkil olunan tədbirlərdə Azərbaycanı SMPDK-nın sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
3-cü Avropa Standartlaşdırma Sammiti çərçivəsində “Səhiyyə üzrə standartlaşdırma”, “Avropada yaşlı təbəqə üçün yaşayış mühiti”, “Gümüş iqtisadiyyat üzrə imkanlar” və “Aktiv yaşlanma və müstəqil yaşam tərzi üçün innovasiya və texnologiyalar” mövzuları ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı əsas diqqət Avropa cəmiyyətinin həm iqtisadi, həm də sosial problemlərdən biri olan aktiv yaşlanma problemi və onun həlli yolları fonunda əhalinin yaşlanan təbəqəsinə göstərilən xidmətlərin və onların məhsullardan istifadəsinin asanlaşdırılması istiqamətində görüləcək tədbirlərə yönəlib.
CEN və CENELEC-in Baş Assambleyalarının birgə sessiyası zamanı hər iki qurumun hesabatları dinlənilib, bu təşkilatların 2020-ci ilədək qarşıya qoyduqları məqsədlər, kiçik və orta müəssisələrə göstərdikləri dəstək, regional və beynəlxalq əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Sonda növbəti sessiyanın gələn ilin 5 iyun tarixində Latviyanın Riqa şəhərində keçiriləcəyi təsdiq olunub.
Tədbirlər çəçivəsində Ramiz Həsənov Böyük Britanya, Türkiyə, Çexiya, Qazaxıstan, Moldova, Belarus dövlətlərinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Həmçinin komitənin nümayəndə heyəti Türkiyənin Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) Milli Metrologiya İnstitutuna (UME) səfər edərək onun nəzdində fəaliyyət göstərən laboratoriyaların işi ilə tanış olub və komitə ilə bu sahədə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.
NAİBƏ