QAX, 23 iyun. TELEQRAF
Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” qarşıdakı beş il ərzində aqrar sektorun inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir. Dövlət Proqramının qəbul edilməsi təsadüfi deyil.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Qax rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi bildirib ki, son on il ərzində aqrar sahədə mühüm institusional və struktur islahatlar həyata keçirilib, dövlət dəstəyi mexanizmləri genişləndirilib, müasir infrastruktur yaradılmış, aqroparklar formalaşdırılıb, su təsərrüfatı və meliorasiya sahəsində iri layihələr icra edilib.
"Artıq kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb.
Lakin cənab Prezident müşavirədə xüsusi olaraq vurğulayıb ki, ölkəmizin aqrar sahədə mövcud potensialı əldə olunan nəticələrdən daha böyükdür.
Azərbaycanın torpaq, su, iqlim və insan resursları daha yüksək məhsuldarlıq, daha yüksək gəlirlilik və daha güclü ixrac imkanları yaratmağa imkan verir. Buna görə də qarşıdakı dövrün əsas vəzifəsi yaradılmış imkanları daha böyük iqtisadi nəticələrə çevirməkdir. Bu gün dünyada ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir. Belə şəraitdə uğur yalnız istehsalın həcmi ilə deyil, məhsuldarlıq, səmərəlilik, texnologiya və əlavə dəyər yaratmaq bacarığı ilə ölçülür", - deyə qeyd edib.
Ş.Mövsümov vurğulayıb ki, bu baxımdan Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılması, emal imkanlarının genişləndirilməsi, ixrac potensialının gücləndirilməsi və aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsidir: "Bu mərhələdə əsas məqsəd mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox məhsul əldə etmək, hər təsərrüfatın gəlirliliyini artırmaq, istehsal olunan məhsulun daha böyük hissəsini emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır".