BAKI, 23 iyun. TELEQRAF
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldu 2026-cı il Dünya çempionatının qrup mərhələsində Özbəkistana qarşı keçirilən oyunda bir neçə tarixi nailiyyətə imza atıb.
Teleqraf xəbər verir ki, 41 yaşlı hücumçu qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açaraq mundiallar tarixində altı fərqli turnirdə qol vuran ilk futbolçu olub.
Bu qol həm də Ronaldunun 2018-ci ildə Mərakeşə vurduğu qoldan sonra Dünya çempionatlarında oyundan vurduğu ilk qol kimi tarixə düşüb. O, 2022-ci ildə Qətərdə keçirilən turnirdə Qanaya qarşı yalnız penaltidən fərqlənmişdi.
Ronaldu ilk qolu ilə mundiallardakı qol sayını 9-a çatdıraraq Dieqo Maradona və Neymarı geridə qoyub, turnirin ən məhsuldar futbolçuları siyahısında yüksəlib.
O, ikinci qolunundan sonra isə mundiallardakı qol sayını 10-a yüksəldib və Portuqaliya millisinin bu turnirdəki bombardir rekordunu yeniləyib. O, 9 qolla rekordun əvvəlki sahibi olan əfsanəvi Eyzebionu geridə qoyub.
Bundan əlavə, Ronaldu klub və milli komanda karyerasında vurduğu qolların sayına görə öz dünya rekordunu da yeniləyib. Özbəkistanla oyunda vurduğu ikinci qol onun peşəkar karyerasında 975-ci qolu olub.
Futbol tarixində Ronaldu qədər çox qol vuran futbolçu olmayıb. 1000 qol həddinə çatmaq üçün portuqaliyalı ulduza daha 25 qol lazımdır.
Portuqaliyalı hücumçu eyni zamanda Dünya çempionatlarında qol vuran ikinci ən yaşlı futbolçu olub. Bu göstəricidə rekord 1994-cü ildə 42 yaşında fərqlənən kamerunlu Roje Millaya məxsusdur.
Qeyd edək ki, Portuqaliya – Özbəkistan matçının ilk hissəsi portuqaların 3:0 hesablı üstünlüyü ilə başa çatıb.