QAX, 23 iyun. TELEQRAF

Kənd Təsərrüfatına dövlət xətti ilə 2 milyard, özəl sektordan isə 3 milyard manat investisiya nəzərdə tutulur. Bu vəsait həm bitkiçilik, həm də heyvandarlıq sahələrinin inkişaf hədəflərinə xidmət edəcək. Məbləğ sahələr üzrə bərabər şəkildə bölünəcək.

Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Qaxda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirə çərçivəsində Teleqraf-ın yerli bürosunın sualına cavabda deyib.

Nazir müavini bildirib ki, hədəf heyvandarlıqda intensiv və yarımintensiv təsərrüfat modelinə keçid, sahibkarların iribuynuzlu və xırdabuynuzlu heyvandarlıqda nümunəvi və ixtisaslaşmış təsərrüfatlar yaratmağa təşviq etməkdir.

"Bu istiqamətdə investisiya qoyuluşunu cəlbedici edəcək bir sıra dəstək tədbirləri nəzərdə tutulub. Cənab Prezidentin müvafiq fərmanı ilə aqrar sahəyə investisiya təşviqi alətini genişləndirilməsi, kommunal xidmətlərə qoşulmanın subsidiyalaşdırılması, Dövlət Proqramının daxilində güzəştlər, maliyyə əlçatanlığına xidmət edəcək kredit faizlərinin subsidiyalaşması kimi mexanizmlər tətbiq olunacaq. İnanırıq ki, bunlar sahibkarların investisiya qoyuluşunu cəlbedici hala gətirəcək".