BAKI, 23 iyun. TELEQRAF

Bu gün saat 13:00-dək Yasamal rayonunun Murtuza Muxtarov, Zərgərpalan, Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, Salatın Əsgərova küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

"Azərişıq" ASC-dən Teleqraf-a verilən məlumata görə, bunun səbəbi Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləridir.

Eyni zamanda, Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 13:00-dək Kamil Balakişiyev, İmadəddin Nəsimi, Mehdi Abbasov, Əzim Əzimzadə, Şirin Mirzəyev, Məmməd Səid Ordubadi, Əlif Hacıyev küçələrinin bəzi hissələrini əhatə edəcək.

Bundan əlavə, Cəlilabad Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq "Cəlayir" yarımstansiyasından qidalanan 35 kV-luq "Ləkin" hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 13:00-dək Edişə, Ləkin, Şatırlı, Badamağac, Buravar, Kövüzbulaq, Zəhmətabad, Əsədli kəndlərinin bəzi əraziləri gərginliksiz qalacaq.

Qeyd edilib ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.