BAKI, 15 oktyabr. TELEQRAF
“Banqladeş azadlıq və ləyaqət uğrunda mübarizə nəticəsində yaranmış dövlətdir. Biz qəti şəkildə inanırıq ki, mübahisələr dialoq, diplomatiya, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmət əsasında, sülh yolu ilə həll edilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kobir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə çıxışı zamanı bildirib.
O bildirib ki, bu baxımdan, etimadın yaradılması mühüm əhəmiyyət daşıyır və AQEM-in rolu əvəzsizdir:
“Buna görə də Banqladeş AQEM-in aydın hüquqi statusa malik katibliyi, proqnozlaşdırıla bilən maliyyələşdirmə mexanizmi və effektiv qərar qəbuletmə sistemi olan tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir.
Azərbaycanın sədrliyi dövründə bu transformasiya prosesində əldə olunan əhəmiyyətli irəliləyişi yüksək qiymətləndiririk. Bununla yanaşı, keçid prosesi inklüziv və konsensusa əsaslanmalı, bütün üzv dövlətlərin bərabərliyinə hörmət edilməli və AQEM-in dialoq üçün açıq forum kimi əsas mahiyyəti qorunmalıdır”.