BAKI, 12 oktyabr. TELEQRAF
Ölkəmizdə dövlət məktəblərində geyim qaydaları ilə bağlı Nazirlər Kabinetinin qərarına bəzi insanların etiraz etməsi əslində müasirliyə və dünyəviliyə zidd olan bir məsələdir.
Bunu Teleqraf-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev deyib.
O bildirib ki, Nazirlər Kabinetinin bu qərarı beynəlxalq təcrübəyə, hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanan bir qərardır.
“Müəyyən dairələr insanları çaşdırmaq məqsədilə bu qərarı bilərəkdən fərqli yönə yozmağa çalışırlar. Təəssüf ki, bu cür qərəzli qüvvələr mövcuddur. Ona görə də insanlara izah etmək lazımdır ki, məktəblərdə vahid geyim formasının müəyyənləşdirilməsi qaydaları Azərbaycandan da əvvəl dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən bizə yaxın və qardaş dövlətlərdə də çoxdan tətbiq olunur və cəmiyyət üzvləri də buna əməl edirlər”, - Ş. Musayev vurğulayıb.
O, burada hər hansı bir şəxsin inancına qarşı çıxan məqamın olmadığına da diqqət çəkib.
“Konstitusiyamızda vicdan azadlığı ilə bağlı ayrıca maddə var. Orada açıq şəkildə qeyd olunub ki, hər bir insan dinə münasibətini müstəqil müəyyənləşdirə bilər. Yəni bizdə inanc məsələsində heç kəsə qadağa yoxdur və heç kəsin hüquqları nə məhdudlaşdırılır, nə də azaldılır.
Hazırda Azərbaycanda 2400-ə yaxın məscid fəaliyyət göstərir, 800-dək ziyarətgah və pir var. İnsanlar azad şəkildə ibadətlərini edir, ziyarətlərini reallaşdırırlar. Hər il ölkəmizdən Həcc ziyarətinə yüzlərlə, minlərlə insan gedir və dövlət qətiyyən bunlara mane olmur. Lakin əsas məqam odur ki, Azərbaycanda din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bunu düzgün anlamaq və qaydalara əməl etmək lazımdır. Nazirlər Kabinetinin qərarı da məhz bu məqsədə xidmət edir. Vahid geyim forması həm müəllimlər, həm də şagirdlər arasında mənəvi bərabərliyi, həmrəyliyi təmin edən amildir. Hesab edirəm ki, bu qərar cəmiyyətimizin böyük əksəriyyəti tərəfindən məmnunluqla qarşılanıb və tamamilə icra olunacaq", - Ş.Musayev qeyd edib.
Ş.Musayev bu sahədə Azərbaycan ziyalılarının üzərinə çox mühüm vəzifələr düşdüyünü qeyd edib:
"Belə məqamda həm ziyalılarımızın, alimlərimizin, təhsil işçilərimizin, həm də media nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür. Onlar xalqı maarifləndirməlidirlər.
Ümumiyyətlə, cəmiyyətin ən böyük bəlalarından biri elə xurafatdır. XIX əsrdə Azərbaycan maarifçiliyini kamil səviyyəyə qaldıran Mirzə Fətəli Axundzadə xurafata qarşı özünün komediyaları, “Aldanmış kəvakib” povesti, eləcə də “Kamalüddövlə məktubları” ilə ardıcıl mübarizə aparıb. M. F. Axundzadənin xurafata, nadanlığa, geriliyə, cəhalətə qarşı mübarizəsini sonralar onun maarifçi davamçıları, Həsən bəy Zərdabi “Əkinçi” qəzetində davam etdirir.
XX əsrin əvvəllərində Azərbaycan maarifçiliyinin artıq növbəti dövrü başlayır. Həmin dövrdə bizim çox görkəmli ziyalılarımız, başda Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Süleyman Sani Axundov və başqaları cəhalətə qarşı mübarizə aparıblar. Görünür, hər əsrdə zaman-zaman yenidən bu mövzulara qayıtmağa lüzum yaranır”, - qeyd edib.