BAKI, 25 sentyabr. TELEQRAF
İslam İnkişaf Bankı Qrupu (IsDB) Azərbaycanın fəaliyyətini və Orta Dəhliz çərçivəsində mühüm mərkəzə çevrilmək istiqamətindəki iddialı planlarını dəstəkləmək üçün daha çox imkan əldə etməyi hədəfləyir.
Bu barədə Teleqraf-a açıqlamasında IsDB Qrupunun üzv qurumları olan İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) səlahiyyətlərini icra edən Xalid Xalafalla deyib.
O qeyd edib ki, Qrup daxilində təqdim edilən bütün xidmətlər regionda investisiya qoymaq istəyən Azərbaycan şirkətləri, eləcə də Azərbaycana investisiya yatırmaq istəyən investorlar üçün əlçatan olacaq:
“İllik görüşlər zamanı, xüsusilə özəl sektor istiqamətində, İslam İnkişaf Bankının özəl maliyyələşdirmə qurumu olan İslam İnkişaf Bankı İnstitutu tərəfindən Azərbaycandakı yerli banklarla maliyyələşdirmə xətlərinin dəstəklənməsinə dair şərtlər sənədi (Term Sheet) imzalandı. Bu istiqamətdə işlər çox yaxşı irəliləyir.
Daha önəmlisi, memorandum formasında iki çərçivə sazişi imzaladıq. Onlardan biri SOCAR ilə imzalanıb. SOCAR ilə əməliyyatların həyata keçirilməsi, xüsusilə yaşıl enerji və enerji keçidi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində sıx işləmək istəyirik. Bu istiqamətdə dəstək göstərməkdən məmnun olarıq”.
O əlavə edib ki, eyni zamanda Türk İnvestisiya Forumu ilə investisiyaları və özəl sektorun planlarını dəstəkləmək məqsədilə digər bir memorandum imzalanıb:
“Bu istiqamətdə də işi yaxından davam etdirəcəyik.
Mənim özümün yenidən burada iştirak etməyim həmin razılaşmalara ciddi yanaşdığımızın göstəricisidir. Biz bu sənədləri izləməli və onların real əməliyyatlara, Azərbaycanın Orta Dəhlizin mərkəzinə çevrilməsi istiqamətindəki hədəflərini dəstəkləyəcək real imkanlara çevrilməsini təmin etməliyik”.