BAKI, 25 sentyabr. TELEQRAF
Təchizat zəncirlərinin təkrarlanması və texnologiyalara çıxışın məhdudlaşdırılması çox vaxt istehsalı daha da bahalı edir. Kiçik iqtisadiyyatların beynəlxalq əməkdaşlığın və ticarətin açıq saxlanılmasında marağı isə artmaqda davam edir.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.
O bildirib ki, hökumətlər bütün xarici riskləri aradan qaldıra bilməz:
“Lakin onlar öz siyasətlərini daha proqnozlaşdırıla bilən edə və razılaşmalara hörmət ediləcəyini, onların icrasının təmin olunacağını nümayiş etdirə bilərlər.
Biz etimadı məhz bu istiqamətdə formalaşdırmağı seçmişik. Hesab edirik ki, etimad konkret nəticələrə əsaslanır.
Artıq 30 ildən çoxdur ki, tərəfdaşlarımızla əl-ələ verərək çalışırıq. Bu müddət ərzində biz təkcə ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməmişik, həm də regionda və ondan kənarda bir sıra ölkələrin etibarlı enerji təchizatçısına çevrilmişik.
Bu gün Azərbaycan qazı 16 ölkəyə, onlardan 10-u Avropa İttifaqının üzvü olmaqla, çatdırılır. Bu da Azərbaycanı Adriatik regionunun aparıcı boru kəməri qaz təchizatçılarından birinə çevirir. Azərbaycanın neft və neft məhsulları tədarük etdiyi ölkələrin sayı isə daha çoxdur”.