CƏLİLABAD, 25 sentyabr. TELEQRAF

Cəlilabad rayonunun Çəmənli kəndində yerləşən Xudutəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı Kür-Araz mədəniyyətinin ən qədim nümunələri aşkarlanıb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, arxeoloji ekspedisiyanın rəhbəri Anar Ağalarzadənin sözlərinə görə, Xudutəpədə aşkar olunan yeni nümunələr Kür-Araz mədəniyyətinin yaranması və yayılması arealının ən qədim variantının məhz Muğandan, Xudutəpədən başladığını deməyə əsas verir.

Son tapıntılar bu mədəniyyətin ilkin mərhələsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əldə olunan arxeoloji materiallar Kür-Araz mədəniyyətinin mənşəyi və ilkin yayılma arealı ilə bağlı tarix məlumatlarının yenidən nəzərdən keçirilməsinə əsas verə bilər.

Xudutəpədə arxeoloji qazıntılar 2021-ci ildən aparılır. Tədqiqatlar zamanı təsərrüfat quyuları, ocaq və təndir qalıqları, yaşayış otaqları və müxtəlif tikili izləri aşkarlanıb.

Aşkarlanan nümunələr Xudutəpə ərazisində yaşayışın eramızdan əvvəl V minillikdən başlayaraq Orta əsrlərə, XIV-XV əsrlərə qədər davam etdiyini göstərir.

Hazırda qazıntılar davam etdirilir. Ərazidən əldə olunacaq yeni tapıntıların Kür-Araz mədəniyyətinin yaranması və yayılma istiqamətləri ilə bağlı elmi məlumatların daha da dəqiqləşdirilməsinə imkan verəcəyi bildirilir.