BAKI, 25 sentyabr. TELEQRAF
Azərbaycanın işğaldan azad edilən ərazilərinə Türkiyə və Yaponiya şirkətləri ilə yanaşı Çin şirkətləri də tikinti materiallarının istehsalı, prefabrik materialların hazırlanması yönündə təkliflərini veriblər.
Bu barədə Teleqraf-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
“Bizim bəzi kəndlərimiz var ki, onu məhz beynəlxalq mütəxəssislərlə birlikdə tikirik. Məsələn, Ağdamda Baş Qərvənd kəndini Slovakiya mütəxəssisləri ilə tikirik və onların şirkətləri çox böyük maraq göstərir”.
O bildirib ki, hazırda regionda 100% xarici kapitalla fəaliyyət göstərən şirkət yoxdur:
“Lakin xarici şirkətlər birgə müəssisə və təchizatçı kimi fəaliyyət göstərirlər. Xarici investorların cəlb edilməsi istiqamətində danışıqlar davam edir.
Xarici şirkətlərin biznes planları və maliyyə dayanıqlığı qiymətləndirilir; investisiya prosesi müəyyən hallarda uzun çəkə bilər”.
Emin Hüseynovun sözlərinə görə, xüsusilə Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə, eləcə də kənd təsərrüfatı və emal sahələrində fəaliyyət göstərmək istəyən sahibkarların sayı artır:
“Nəzərə almalıyıq ki, kənd təsərrüfatı sahəsində yeni dövlət proqramı təsdiq olunub. Əhali regiona köçdükcə həm işçi qüvvəsi, həm müştəri bazası, həm də infrastruktur formalaşır ki, bu ekosistemin bütün vacib elementləridir. Əminəm ki, həmin ərazilərdə emal sənayesi müəssisələri də olacaq”.
E. Hüseynov əlavə edib ki, Ağdam, Füzuli və Xocalıda bərpa prosesi davam etdiriləcək:
“Şəhərlərlə yanaşı, yeni kəndlərin və artıq tikilmiş kəndlərin ikinci mərhələlərinin inşası nəzərdə tutulur. Mövcud kəndlərin ikinci mərhələsinin tikilməsi əsas prioritetlərdən biridir.
Regionlarımıza həm artıq köçmüş əhali arasında, həm də bundan sonra köçmək istəyən əhali arasında böyük maraq var. Bizim vətəndaş qəbullarımız da bunu göstərir. O baxımdan mövcud tikilmiş kəndlərin ikinci mərhələlərinin tikilməsi en vacib prioritetlərdən biridir”.
O vurğulayıb ki, regionda sənaye və sahibkarlıq fəaliyyətinin genişlənməsi gözlənilir:
“Ağdam Sənaye Parkında 30-dan çox rezident var, onlardan 9-u artıq istehsal fəaliyyətinə başlayıb. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlər və dövlət təşviq mexanizmləri sahibkarların marağını artırır”.