BAKI, 25 sentyabr. TELEQRAF

Uzunmüddətli siyasət və davamlı investisiyalar hesabına Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.

O qeyd edib ki, bu gün Şərq-Qərb və Şimal-Cənub dəhlizləri Azərbaycandan keçərək hər iki istiqamətdə fəaliyyət göstərir:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, gəmiqayırma zavodumuz və Xəzər yük donanması Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhlizin əlaqələndirici və əsas elementlərindən yalnız bir neçəsidir.

Bu dəhlizlər boyunca tərəfdaşlarımızla əməkdaşlıq edərək təhlükəsiz və etibarlı marşrut yaratmışıq. Yük həcmləri hər il artır, halbuki potensial bundan daha böyükdür.

Dünya Bankı 2023-cü ildə apardığı qiymətləndirmələrə görə, düzgün investisiyalar və səmərəlilik tədbirləri Orta Dəhliz boyunca ticarət axınlarını 2030-cu ilədək üç dəfə artıra və daşınma müddətini yarıya endirə bilər. Bu yanaşma bu gün Avropa İttifaqının Orta Dəhlizə münasibətində və siyasətində də öz əksini tapır.

Bu dəhlizlərin Azərbaycan ərazisindən keçən hissələrinin tikintisi başa çatıb. Lakin növbəti mərhələ keyfiyyətlə, yəni xidmətin keyfiyyəti ilə bağlıdır. Məqsədimiz odur ki, Azərbaycandan keçən marşrutlar mövcud geosiyasi şəraitdə təkcə təhlükəsiz deyil, həm də qiymət və vaxt baxımından rəqabətqabiliyyətli olsun”.