BAKI, 25 sentyabr. TELEQRAF
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Zəhra xanım, mütəfəkkir-şair Xaqani Şirvaninin Azərbaycan ədəbiyyatı və milli-mədəni irsimizin inkişafındakı əsas xidmətlərini necə xarakterizə edərsiniz?
- Xaqani Şirvani XII əsrdə Azərbaycan poeziya məktəbinin yaranmasında və inkişafında müstəsna rol oynamış misilsiz bir sənətkardır. Onun yaradıcılığı Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Xacu Kirmani, İmadəddin Nəsimi, Hafiz Şirazi, Sədi Şirazi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli və başqa şairlərin sənətinə mühüm təsir göstərib. Şərqdə fəlsəfi fikrin həm sadə, həm də zəngin bədii dillə ədəbiyyata tətbiq edilməsi Əfzələddin Xaqani Şirvanidən başlanır.
“Xaqaninin milli-mədəni irsimizin inkişafındakı əsas xidmətlərini necə xarakterizə edərsiniz” sualına belə cavab vermək olar: Xaqani Şirvani ədəbiyyatımıza, xüsusən qəsidə və poema janrında yazdığı əsərlərinin məzmununda, ideyasında milli kimlik anlayışını dirçəltdi. Qəsidələrində özünün türk mənşəyini və dilini aşkar söylədi, özünü, nəsil şəcərəsini, əmisini dönə-dönə “türkman” adlandıraraq, “mən türkəm”, – deyə öyündü. O, Şirvan, Dərbənd, Gəncə, Xorasana kimi, ordan Mosula, Bağdada - əksər ərəb ölkələrinə qədər bütün Şərqin ədəbi mühiti ilə, dövrün məşhur filosofları ilə əlaqələr qurmuşdu.
Azərbaycan şeirinin Şərqdə şöhrətlənməsində, yayılmasında bilavasitə rol oynamış bir şəxsiyyətdir Xaqani. O, Türk dünyasının böyük oğlu idi və ana Türküstanın fəxri idi. Təsadüfi deyil ki, Xaqani Kəbəyə ziyarətində, Peyğəmbərin məzarı önündə ona məhəbbətlə bu ifadələri söyləmişdir: “Mən türkman ziyarətə gəlmişəm və başımın tacı Türküstanı sənə bac gətirmişəm”.
Türk dili məsələsində də Xaqaninin öz mövqeyi var idi. Türkcə heca vəznində yazılan şeiri ərəb-fars dil qaydalarına uyğun əruz vəzninə yerləşdirmək çox çətin məsələ idi və böyük bir hünər hesab olunurdu. Amma Xaqani, Nizami kimi istedadlı bir sənətkarlara türk dili ana dili olduğu üçün çətin deyildi.
Odur ki, böyük şair yazırdı: “Xaqani, torki səhl əst o məra delpəzir” – “Xaqani, türkcə (yazmaq) asandır və mənim üçün könülaçandır”. Yaxud Nizami Gəncəvi də bir xələf olaraq bu məsələni açıq şəkildə qoyur və yazırdı: “Torkiyəm ra dər in Həbəş nəxərənd, Lacərəm duvba-ye xoş nəxorənd” - “Mənim türkcəmi bu cəhalətdə almırlar, Naçaram, xoş dovğanı yemirlər". Bu o deməkdir ki, hər iki şairin türkcə də şeirləri var idi.

- Xaqani yaradıcılığının on ikinci əsr Azərbaycan ədəbiyyatı mühitində fərqləndirən başlıca xüsusiyyətləri nələr idi?
- Öncə onu qeyd etmək lazımdır ki, Xaqaninin bir şəxsiyyət, hikmət, ədəb yiyəsi olaraq özünün fərqli cəhətləri var idi. Onun haqqında məlumat verən ən qədim və etibarlı mənbələrdən biri Şərqin məşhur tarixçisi və coğrafiyaçısı olan Zəkəriyyə Qəzvini (1203-1283) “Asar əl-bilad və əxbar əl-ibad” ("Ölkələrdəki abidələr və xalqlar haqqında") əsərində Şirvanın tarix və mədəniyyətindən bəhs edərkən, Xaqani Şirvanidən xüsusi bəhs açaraq onun “özünəməxsus poetik üslub yaratmasını” göstərib və şairimizin şəxsiyyəti haqqında bu sözləri yazıb:
“Uca məqama hikmət sahibi, fəzilətli Əfzələddin Xaqani mənsub edilir. O, hikmət sahibi şair və mərd bir kişi idi. O, elə bir söz üslubu yaratmışdı ki, özünəməxsus və orijinal idi. Şöz qoşmaqda son dərəcə qüdrətli idi...” (Zəkəriyyə əl-Qəzvini. "Asar al-bilad va axbar").
Xaqani Şirvani nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Şərqdə fəlsəfi-didaktik janrı yüksək səviyyəyə qaldıran, ictimai-əxlaqi problemləri poeziyaya gətirən sənətkarlardan biridir. Onun “Töhfətül-İraqeyn” poeması öz zəngin fəlsəfi məzmunu, ideyası və bədii xüsusiyyətləri ilə bütün Şərq poeziyasına, o cümlədən Nizami Gəncəvi yaradıcılığına da böyük təsir göstərib.
“Töhfətül-İraqeyn” əsəri şairin təkcə Kəbə ziyarəti təəssüratları deyil. Ölməz sənətkarın bədii dilinin ecazkarlığındandır ki, XIII əsrin məşhur ədəbiyyat nəzəriyyəçisi Şəms Qeys Razi özünün poetikaya həsr etdiyi “Əl-Möcəm fi məayir əşar əl-Əcəm” əsərində yüzlərlə Şərq şairləri içərisində poetika sənətinin növlərini izah edərkən, Xaqaninin zəngin poetik fiqur və məcazlarına çoxsaylı istinadlar etmişdi. Bütün bunlar Xaqaninin qeyri-adi istedadı, poeziyada fərqli və orijinal olması ilə bağlıdır.
- Şairin əsərlərində dövrün ictimai-siyasi və mənəvi mənzərəsi öz əksini necə tapıb?
- Xaqaninin əsərlərində dövrün ictimai-siyasi və mənəvi həyatı, xalqın güzaranı, toyu-bayramı, şairin öz əhval-ruhiyyəsi ilə qarışaraq çox zəngin şəkildə, hətta bəzən zərif detalları ilə əks olunub. Xaqaninin əsərlərindən Şirvanşahların tarixi, o dövrdə apardıqları mübarizə, xüsusən ruslar üzərində Şirvanşahın qələbəsinə dair zəngin məlumatlar var. Məsələn, Bakı şəhərinin o zamankı dövrdə inkişafının poetik dillə tərənnümünü Xaqani əsərlərində görmək olur.
Qeyd edim ki, son zamanlar Şirvanşahların tarixi və milli kimlikləri bəzən təhrif olunr. Məlumdur ki, Azərbaycan ərazisində 8 Oğuz tayfa birliyindən yaranmış məşhur türk - Ərşəkilər dövləti (yunanların "Parfiya" adlandırdığı dövlət) müəyyən çəkişmələr nəticəsində eramızın 224–226-cı illərində iki yerə parçalandı. Yaranan dövlətlərdən biri Ağvan-Alban dövləti idi. Ağvan - qədim türkcədə: “günəşli, işıqlı, odlu” deməkdir. Digər sasanilər dövlətinin də qurucusu bütün tarixçilərin göstərdiyi kimi, Ərdəşir Babakan oldu.
Bəzi tarixçilər dəqiq elmi əsası olmadan, Şirvanşahlarn banisinin gah fars, gah da ərəb xilafətinə mənsub İbn Məziyəddinlə əlaqələndirirlər. Amma tədqiqatlar göstərir ki, “Şirvanşah” titulu ərəblərin gəlişinə qədər, yəni Yəzid ibn Məzyəddən əvvəl mövcud olub və şah titulu burada yaşayan yerli hökmdarlara verilmiş bir tituldur. Məsələn, IX əsrin məşhur tarixçi alimi İbn Xordadbeh “Kitab əl-Məsalik vəl-Məmalik” əsərinin “Ərdəşirin şah adlandırdığı hökmdarlar” bölməsində yazırdı ki, “I Ərdəşir (məlumdur ki, Ərdəşir Babakan – milliyyətcə türk idi - Z.A.) Şirvanşah da daxil olmaqla bir sıra yerli hökmdarlara şah titulunu verdi”.
Ərəblərin fəthi zamanı da Şirvanda yerli "şah" hakimlərinin mövcud olması haqqında əl-Bəlazuri dəqiq məlumat verir.
Ərəb mənbələrinə görə, Azərbaycan ərazisində yerli hakimlərə “batrak” deyilirdi. “Batrak” qədim türkcədə “bayraq” deməkdir. Həmçinin "qüvvətli", "hakim" mənasında da işlənirdi. Əksər etibarlı ərəb mənbələri Şirvanşahları da Arranın/Albaniyanın yerli hökmdarları olaraq qeyd edirlər. Farslar Alban adını öz dillərinə çevirərək Mehrani, yəni “Günəşli” formasında tərcüməsini vermişlər. Bu səbəbdən fars mənbələrində Mehranilər kimi yazılır. Sonradan isə tarixi mənbələri saxtalaşdıraraq Mehranilərin fars mənşəli olması haqqında yalan məlumatlar yazıblar, düşmənlərimiz ermənilər də alban hökmdarlarını özlərinə bağlamaqla yalanlar uydurub təbliğ ediblər.
Xaqani və Nizami öz əsərlərində əsil həqiqətləri birbaşa, yaxud işarə şəklində söyləyiblər. Xaqani Məniçöhrün ölümündən sonra Axsitana həsr etdiyi "Novruziyyə" qəsidəsində belə yazır: “Çun Qara-Sunqur gorizan şod be rah, Aq-Sunqur didban bər kərd sobh” ("Qarasunqur köç edib yola düşən kimi, Ağsunqur sübhün gözətçisi oldu"). Beytin bir neçə məna qatı var: Birinci məna qatı həqiqəti olduğu kimi əks etdirir. Yəni Xaqani burada Şirvanşah Məniçöhrün – türklərin Zəngi bəyin nəslindən olan türk-sunqurlar tayfasından olduğunu göstərir.
Həmçinin ikinci məna qatı da var ki, şair sübh vaxtı dan yerinin ağarması ilə Axsitanın adındakı “ağ” sözünə işarə edir. Əgər Məniçöhr fars olsaydı, öz oğluna türkcə “Ağ” sözü ilə başlayan ad qoyardımı? Yaxud Axsitan mənşəcə türk olmasaydı, özünün Sunqur tayfası ilə eyniləşdirilməsinə razı olardımı? Üçüncü məna qatı da budur ki, "sunqur" şahin quşudur və türklərin onqonudur.
- Sizcə, Xaqaninin yaradıcılığında bu gün də ən çox araşdırılmağa ehtiyacı olan mövzu hansıdır?
- Azərbaycan ədəbiyyatşünaslığında Xaqani irsinin araşdırılması işində mühüm işlər görülüb. Əsərləri müəyyən qədər şair və alimlərimiz tərəfindən tərcümə olunub. Amma bu, tam deyil.
Professor Qafar Kəndlinin Xaqani Şirvaniyə həsr etdiyi monumental, bir sıra qlobal problemlərin həlli istiqamətinə yönəldilmiş monoqrafiyasının yenidən latın əlifbasında çap olunmasını tövsiyə edirəm. Çünki o monoqrafiyada Xaqaninin dövrü, mühiti, şəxsiyyəti, yaradıcılığı ətrafında qoyulan çoxsaylı məsələlərin hər biri ayrıca tədqiqat işi tələb edir ki, bunu indiki gənc nəsil etməlidir. Əgər biz bu gün Xaqanişünaslığın inkişafını təmin etmək istəyiriksə, həmin monoqrafiyanın nəşri vacibdir.
Hansı mövzunu araşdırmaq lazımdır, deyəndə ilk növbədə, Şirvanşahlar dövrünün, ədəbi mühitinin olduğu kimi öyrənilməsi hələ də gündəmdədir. Hələ də tədqiqatlar vaxtilə qoyulmuş standartları vurub keçə bilmir. Tutaq ki, bir tədqiqatçı haçansa səhvən yazıb ki, Alp, Arslan adlarının titullara əlavə olunması XI-XII əsrlərdə türkləşmə ilə əlaqədardır. Diqqət edirəm, bu yanlış fikrə istinad edirlər, amma polemika aparıb bu fikri təkzib etmirlər. Çünki bu fikrin altında vaxtilə xalqımıza qarşı hazırlanmış necə bir fəsadın dayandığını anlamırlar.
- Xaqaninin Azərbaycan ədəbi-mədəni irsindəki mövqeyini bir neçə əsas məqamla necə ümumiləşdirərdiniz?
- Bu suala bircə kəlmə ilə cavab vermək istəyirəm ki, Xaqani Şirvani Azərbaycan poeziya məktəbinin baş tacı olmaqla yanaşı, dünya söz mədəniyyətinə heç zaman öz dəyərini itirməyən söz inciləri bəxş etmiş, özünü və xalqını dünyaya tanıtmış ölməz bir sənətkardır.