BAKI, 25 sentyabr. TELEQRAF

Xızı rayonunda qohumunu bıçaqlayan şəxs həbs edilib.

Teleqraf xəbər verir ki, hadisə Xızı rayonununda yerləşən fərdi yaşayış evlərindən birinin həyətində baş verib.

Rasim qohumu Vüsal (ad-soyadlar şərti verilib – red.) ilə birlikdə həyətdə balıq torlarını təmizləyərkən aralarında mübahisə yaranıb. Rasim Vüsala bıçaq zərbəsi vurub.

İstintaq orqanı tərəfindən Rasimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Rasim ibtidai istintaqa bildirib ki, hadisə günü Vüsalla birlikdə balıq toru təmizləyirmiş: "Açılmalı, təmizlənməli torlar vardı. Yeznəmlə danışmışdıq ki, günorta saat 1-də görüşək. Mən deyilən vaxtda gəldim, yeznəmlə torları açmağa başladıq. 20 dəqiqə sonra da Vüsal gəldi. Yeznəm benzin almağa gedəndə Vüsal onun arxasınca deyinməyə başladı, "benzini sonra da ala bilərdi" dedi. Ona "arvad kimi deyinmə, qeybət etməyək" dedim. Sözüm onun acığına gəldi, əlinin altında daş var idi, mənə daşı göstərib "başından böyük qələt eləmə, bu daşı başına çırparam” söyləyib üstümə gəldi.

Mən bıçaqla torları təmizləyirdim, o, məndən 200 metr aralıda idi. Üstümə gəlib daşı vurmaq istəyəndə özümü müdafiə etmək üçün ona bir bıçaq zərbəsi vurdum. Bıçağı yerə atdım, qanaxmanı gördüm. Evdə balaca uşaqlar var idi, düşündüm ki, həyətə çıxıb qorxarlar. Həyətdə balaca qara dam vardı, Vüsalın qoluna girib oraya apardım. Yarasını sarğı ilə bağlayıb atama zəng etdim.

On dəqiqə sonra atam gəlib Vüsalı xəstəxanaya apardı. Sonra atamla polis şöbəsinə getdik".

Vüsal bildirib ki, Rasimlə aralarında mübahisə olub: "Hadisə Rasimlə birlikdə iş gördüyümüz zaman baş verdi. Mən bir az əsəbləşmişdim. Yanımda balaca daş var idi. Daşı götürdüm, amma Rasimi vurmaq fikrim yox idi. Daşı əlimdən yerə atdım. Rasim üstümə gəldi, üzbəüz dayandıq. Məni bir dəfə bıçaqla vurdu. Sonra da xəstəxanaya apardı".

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim 3 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilimiş cəza 1 il sınaq müddəti ilə şərti hesab edilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmənin iclas zalında həbsdən azad edilib.