BAKI, 25 sentyabr. TELEQRAF
Ucuz günəş və külək enerjisi istehsal etmək potensialına malik olan Özbəkistan (eyni zamanda bütövlükdə Mərkəzi Asiya) hazırda Azərbaycan ilə birgə layihələrin müzakirəsini və hazırlanmasını həyata keçiririr.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsində deyib.
O bildirib ki, Özbəkistanın Azərbaycanda tekstil və avtomobil sənayesinə investisiyaları var və digər sahələrdə də əməkdaşlıq həyata keçirilir:
“Azərbaycan da Özbəkistanın müxtəlif sektorlarına, o cümlədən mədənçıxarma, daşınmaz əmlak, enerji və digər sahələrinə investisiya yatırır".
Nazir əlavə edib ki, dayanıqlı və uzunmüddətli artıma nail olmaq üçün birgə müəssisələrin yaradılması və Mərkəzi Asiyanın qarşıdakı illər üçün vahid məkan və vahid investisiya istiqaməti kimi formalaşdırılması baxımından Özbəkistanın Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə mövqeləri üst-üstə düşür.