BAKI, 24 sentyabr. TELEQRAF

Düşənbədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sənaye nazirlərinin 4-cü iclasında “Regional sənaye əməkdaşlığının canlandırılması üzrə Düşənbə Bəyannaməsi” qəbul edilib.

İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, iclasda çıxış edən nazirin müavini Sahib Ələkbərov Azərbaycanın İƏT ilə əməkdaşlığın inkişafına və üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini bildirib.

Vurğulanıb ki, İƏT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur.

Tədbirdə Azərbaycanın sənaye və investisiya potensialı, ölkəmizdə biznes və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Rəqabətqabiliyyətli və ixracyönümlü istehsalın inkişafı, sənaye zonalarının fəaliyyəti və bu sahədə tətbiq olunan dəstək mexanizmləri, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı istiqamətində keçirilən tədbirlər qeyd edilib.