BAKI, 28 avqust. TELEQRAF

Venesuela Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Karakas məsələni ABŞ rəsmiləri ilə müzakirə edib, lakin OPEC-dən çıxmaqla bağlı hələlik yekun qərar qəbul edilməyib.

“Bloomberg” qeyd edir ki, Venesuelanın təşkilatdan mümkün çıxışı ABŞ və digər ölkələrin beynəlxalq neft şirkətlərinin ölkənin enerji sektorunda daha geniş fəaliyyət göstərməsinə yol aça bilər.

Bundan əvvəl Kanadanın “The Globe and Mail” qəzeti Venesuelanın ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə OPEC-dən çıxa biləcəyini yazmışdı.

Qeyd edək ki, OPEC 1960-cı ildə neft hasilatı sahəsində üzv ölkələrin siyasətini əlaqələndirmək, neft tədarükünün davamlılığını təmin etmək və dünya neft bazarında sabitliyə nail olmaq məqsədilə yaradılıb. Təşkilatın yaradılmasının təşəbbüskarları İraq, İran, Səudiyyə Ərəbistanı, Küveyt və Venesuela olub.