BAKI, 28 avqust. TELEQRAF

Rusiya milli komandaları və klublarının beynəlxalq yarışlara buraxılması Ukraynadakı münaqişə başa çatdıqdan sonra mümkün ola bilər.

Teleqraf xəbər verir ki, bunu Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin “The Rest Is Politics: Leading” podkastında bildirib.

Çeferinin sözlərinə görə, Rusiya komandalarının hazırkı şəraitdə yarışlara qaytarılması bir sıra milli federasiyaların turnirlərdə iştirakdan imtina etməsinə və ya onların iştirakına icazə verilməməsinə səbəb ola bilər.

“Böyüklərdən ibarət komandalarla bağlı düşünmürəm ki, bütün bunlar başa çatana qədər nəsə edə bilərik”, - UEFA prezidenti bildirib.

Qeyd edək ki, Rusiya klubları və milli komandaları 2022-ci ildən Beynəlxalq Futbol Federasiyası (FIFA) və UEFA-nın bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırılıb.

2026-cı ilin iyulunda Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin üzvlüyünü bərpa edib və beynəlxalq federasiyalara rusiyalı idmançılara, o cümlədən komanda yarışlarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib.