BAKI, 3 avqust. TELEQRAF
Azərbaycanda kartdan karta köçürmələr, ödəniş kartları və elektron pul hesablarının sayı üzrə yeni limitlərin tətbiq edilib.
Teleqraf xəbər verir ki, hazırlanmış "card-to-card" tipli ödəniş əməliyyatlarına dair şərtlər Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Fintex Assosiasiyasının üzv təşkilatlarına təqdim edilib.
Xarici valyuta üzrə də hər məhsula 1 kart limiti tətbiq olunacaq
Təqdim edilən şərtlərə əsasən, karta mədaxil və kartdan köçürmə əməliyyatları üzrə gündəlik əməliyyat sayı 5 ilə məhdudlaşdırılır. Hər iki əməliyyat növü üzrə günlük məbləğ limiti tətbiq olunmur. Aylıq məbləğ limiti isə həm karta mədaxil, həm də kartdan köçürmə üzrə 20 min manat müəyyən edilib. İndiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb.
Şərtlərdə həmçinin ödəniş kartlarının və elektron cüzdanların sayına dair limitlər də əksini tapıb. Milli valyutada əməkhaqqı, pensiya və digər sosial müavinətlər üçün nəzərdə tutulmuş kartlar, depozit kartları və onlayn ödənişlər üçün nəzərdə tutulmuş kartlar istisna olmaqla, hər məhsul üzrə 1 kart limiti müəyyən edilib. Hər bir xarici valyuta üzrə də hər məhsula 1 kart limiti tətbiq olunacaq.
Elektron cüzdanlar üzrə isə milli valyutada 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə 1 elektron cüzdan limiti nəzərdə tutulur.
Kartdan karta köçürmələrdə təyinatın qeyd olunması da tələb edilə bilər
Məlumatlara görə, kartdan karta köçürmələrdə təyinatın qeyd olunması da tələb ediləcək. Bunun üçün “Mal alışı”, “Xidmətlərin alışı” və “Şəxsi və digər köçürmələr” olmaqla seçim siyahısı yaradılmalıdır. “Şəxsi və digər köçürmələr” seçildikdə minimum 10 simvoldan ibarət məcburi xana doldurulacaq. Köçürmə yalnız təyinatla bağlı şərtlər yerinə yetirildikdən sonra aktivləşdiriləcək.
Yeni yanaşma risk əsaslıdır
"Azərbaycan Banklar Assosiasiyası"dan Teleqraf-a verilən məlumata görə, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılması məqsədi daşımır:
"Bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaq.
Sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir etməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturu və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər", - deyə açıqlamada qeyd olunub.
Onu da qeyd edək ki, ki, bu qərarla bağlı indiyədək yalnız bir neçə bank rəsmi açıqlama yayıb. Digər banklar isə müştərilərini yeni qaydalar barədə hələlik rəsmi şəkildə məlumatlandırmayıblar.
Hər 10 nəfərə orta hesabla 22-dən çox ödəniş kartı düşür
Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 2026-cı ilin iyun ayının sonuna 22 milyon 797,6 min ədəd ( debet kartlarının sayı 20 milyon 753 min ədəd ,kredit kartlarının sayı isə 2 milyon 45 min ədəd) təşkil edib. Beləliklə ölkədə hər 10 nəfərə orta hesabla 22-dən çox ödəniş kartı düşür. Təkcə iyun ayı ərzində ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 9 milyard 902 milyon manata çatıb. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14.5% artıb. Həyata keçirilən nağdsız ödənişlərin 8,575 mln. manatı elektron ticarətin payına düşüB. Qalan məbləğin 1,325 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8-ni təşkil edib.
Yuxarıda qeyd etdiyimiz kimi, yeni şərtlər rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq hallarına qarşı mübarizənin gücləndirilməsi, vergi öhdəliklərindən yayınma və qanunsuz mərc oyunları ilə bağlı mümkün sui-istifadə hallarının qarşısının alınması, eləcə də ödəniş əməliyyatlarında şəffaflığın artırılması məqsədi daşıyır. Qeyd edək ki, 2024-cü ildə kart fırıldaqçılığı nəticəsində vətəndaşlara 22 milyon manatdan çox zərər dəyib. 2025-ci ilin ilk dörd ayında bu rəqəm 6 milyon manatı keçib.
Ödənişləri kartdan qəbul edən sahibkarlar vergidən yayina bilməyəcəklər
Son illər əksər sahibkarlar gəlilərini gizlətmək, eləcə də vergidən yayınmaq məqsədilə ödənişləri POS-terminal və ya biznes hesabı əvəzinə şəxsi kartlardan qəbul edirdilər. Hətta Mərkəzi Bank sədri Taleh Kazımov mətbuata açıqlamasında fiziki şəxslərin adına olan debet kartlara gün ərzində 50 dəfə köçürmə edildiyini qeyd etmişdi. Bildirmişdi ki, Azərbaycanda "card to card" dövriyyəsi inanılmaz dərəcədə yüksəkdir. Yeni qaydalar belə fəaliyyət göstərən obyektləri biznes hesablarından və rəsmi ödəniş sistemlərindən istifadəyə məcbur edəcək.
Məlumat üçün onu da bildirək ki, Azərbaycanda sahibkarlar tərəfindən gizli yolla həyata keçirilən vergidən yayınma nəticəsində dövlət büdcəsinə dəyən zərər açıqlanmır. Lakin vergi ödəməkdən yayınma faktları üzrə cinayət işlərinin sayı bu rəqəmin kiçik olmadığını göstərir. Dövlət Vergi Xidmətinin məlumatına görə, 2025-ci ildə vergi ödəməkdən yayınma faktları üzrə ümumilikdə 980 cinayət işi başlanılıb. 2024-cü ildə bu rəqəm 637 cinayət işi olub. Yekunlaşmış cinayət işləri üzrə dövlətə vurulan ümumi maddi ziyan 55,3 milyon manat dəyərləndirilib. Onun 16,5 milyon manatı istintaq dövründə büdcəyə qaytarılıb.
Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, 2026-cı ilin yanvar – iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktı da daxil olmaqla 249 cinayət işi başlanılıb. 12 cinayət işi üzrə 15 mln. 661,8 min manat məbləğində vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, hesabat dövründə icraatı davam edən cinayət işləri və materiallar üzrə dövlət büdcəsinə ümumilikdə 12 mln. 730,8 min manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin edilib.
Bankların komissiya gəlirləri xərclərini qarşılamır
Banklar “card-to-card” köçürmələrindən əlavə gəlir, yəni komissiya haqqı və faiz hesablayırlar. Adətən köçürülən məbləğin 0.5% ilə 1% arası (və ya əlavə minimum sabit məbləğlə, məsələn, min. 1 AZN) komissiya haqqı tutulur. Son statistika göstərir ki, Azərbaycanda fəaliyyət göstərən bankların komissiya gəlirləri artsa da əməliyyat xərclərini tam qarşılamır. 2026-cı ilin yanvar-iyun aylarında bankların hesablaşma və komissiya xidmətləri üzrə gəlirləri 221 milyon manat təşkil edib. Bankların komissiya xərcləri isə eyni dövrdə 548,9 milyon manat təşkil edib.