BAKI, 6 iyun. TELEQRAF

Moldova hökuməti dövlət vəsaitlərini mənimsəmək üçün yeni sxemin təşkili məqsədilə Rusiya-Moldova ortaq müəssisəsi olan “Moldovagaz”ı təchizatdan kənarlaşdırmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə keçmiş Moldova prezidenti İqor Dodon Telegram kanalında videomüraciətində bildirib.

Dodon “Moldovagaz”ın lisenziyasının “Energocom”a verilməsi və “Energocom”a dövlət zəmanəti ilə kreditin ayrılmasının dövlət vəsaitlərinin mənimsənilməsinin yeni sxemi olduğunu deyib.

“Qeyd etmək istəyirəm ki, yalnız həmin kreditin xidmət haqqı bizə 72 milyon avroya – 1,5 milyard leyə, yaxud hər il 300 milyon leyə başa gələcək. Təkrar edirəm: bu, yalnız faiz dərəcəsidir. Bu, bir kubmetr qazın qiymətinin azı 47-50 ban (1 Moldova leyi = 100 ban) artmasına gətirib çıxaracaq. Siz nə edirsiniz, dostlar?” – Dodon deyib.

O, vurğulayıb ki, hakimiyyətdə olan avropayönlü partiyalar yalnız özbaşınalıqla məşğul olublar. “Çar üsulunda ova çıxmaq, milyardın oğurlanması, xüsusilə təhlükəli məhkumlara amnistiya, indi isə yeni bir oğurluq. “Yaxşı dövrlər” adı altında onlar ciblərimizdən oğurluq edirlər. Amma biz bu və digər sxemlərin hər birini mütləq ətraflı araşdıracağıq,” –Dodon əlavə edib.

Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, Moldova Rusiya-Moldova qazpaylayıcı şirkəti “Moldovagaz”ın xidmətlərindən imtina etmək üçün 400 milyon avro kredit götürəcək. “Moldovagaz” 1999-cu ildə yaradılıb. Şirkətin ən iri səhmdarı 50% payla “Qazprom”dur, səhmlərin 35,3%-i Moldova hökumətinə, 13,44%-i isə Dnestryanı bölgəyə məxsusdur.