BAKI, 20 aprel. TELEQRAF

“TRIPP layihəsinin həyata keçirilməsi və Gümrü-Qars dəmir yolunun istifadəyə verilməsi də daxil olmaqla, regionun nəqliyyat infrastrukturunun tam şəkildə açılması bölgədə sülh və əməkdaşlığı daha da gücləndirəcək, bölgəni Şərqlə Qərb, Şimalla Cənub arasında sülh qovşağına çevirəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını təqdim edərkən deyib.

O bildirib ki, Ermənistan regionlaşmanın praktiki tətbiqi üçün 3+3 formatının daha da inkişaf etdirilməsinə əhəmiyyət verir, bundan sonra da ona öz töhfəsini verəcək:

“Qeyd etmək lazımdır ki, sülh balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət konsepsiyasını qəbul etdiyimiz andan, özümüzə, regionumuza və dünyaya fərqli perspektivdən baxdığımız andan başladı. Özümüzə bu fərqli perspektivdən baxmaq konkret nəticələr verdi”.

Paşinyan Ermənistandakı bəzi siyasi müxalifət nümayəndələrinin hakimiyyəti Azərbaycan və Türkiyə tərəfdarı olmaqda ittiham etdiyini vurğulayıb:

“Bəs reallıqda nə baş verib və verir? Baş verən odur ki, Azərbaycan və Türkiyə ilə münasibətlərimizdə həmişə üçüncü ölkələr vasitəsilə hərəkət etmişik, yəni bəyanatlarımızı və gündəliyimizi 90 faiz və ya daha çox üçüncü ölkələr vasitəsilə müzakirə etmişik. Bəs nə əldə etmişik? Obyektiv və subyektiv əsasları olan çox sadə şey əldə etmişik. Üçüncü tərəf vasitəsilə kimləsə ünsiyyət quranda üçüncü tərəfin mesajlarınızı ünvan sahibinə düzgün ötürdüyünüzə və bu mesajları ötürərkən də dəqiq hərəkət etdiyinizə heç vaxt əmin ola bilməzsiniz. Çünki üçüncü tərəfin öz fikirləri, öz maraqları, öz qavrayışları ola bilər, biz heç vaxt üçüncü tərəf və ya tərəflərin maraqlarının nə olduğunu bilmirik.

Bu da uzun illərdir bölgəmizdə sülhün olmamasının səbəbi idi. Biz bu mövqeyimizi dəyişdik, bəyan etdik ki, əgər Türkiyə və Azərbaycanla danışacağımız bir şey varsa, niyə danışmamalıyıq. Mesajımızın düzgün yerə çatdığına və dəqiq cavab aldığımıza əmin olmağımızın yeganə zəmanəti budur.

Məhz təcrübələrimizdəki bu dəyişikliyə görə bizi və ya məni Türkiyə və ya Azərbaycan tərəfdarı olmaqda günahlandırırlar. Çünki onilliklər ərzində təcrübəmiz belə olub ki, Türkiyə və ya Azərbaycana deyəcək sözümüz varsa, mesajımızı çatdırmaq üçün harasa zəng etməli idik. Birbaşa ünsiyyətdən yayınmışıq, buna üstünlük vermişik”.

Baş nazir əlavə edib ki, Türkiyə və Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir və “Vətəndaş Müqaviləsi” Partiyası bu yolu davam etdirəcək.